Rusiya prezidenti Vladimir Putin kosmos sahəsində çalışan mütəxəssis və alimlərlə görüşüb.
Hafta.az-ın “Business FM”ə istinadən yazdığına görə, Putin bu sektorda maaşların adi kuryerlərin qazancından aşağı olmasını eşidəndə təəccüblənib.
İclasda çıxış edən qadın alim “Roskosmos”un mütəmadi olaraq mütəxəssislərini itirdiyini bildirib. O, şikayət edib ki, bəzi hallarda “kuryerlərdən də az maaş alan” mütəxəssislər layiq olduqları maaşı almaq üçün özəl sektora keçməli olurlar.
Putin qadının şikayətinə cavab olaraq, "Məncə, kuryer məsələsini bir az şişirtdiniz, amma sizinlə razıyam ki, maaşlar daha yüksək olmalıdır. Biz bu məsələni düşünəcəyik. Amma düzü, vəziyyət məni təəccübləndirdi. Bunu necə əldən verdiyimizi heç anlamıram” deyib.
İclasda “Roskosmos”un rəhbəri Yuri Borisovdan Maliyyə Nazirliyinə qarşı hər hansı tənqidi fikirlərin olub-olmaması da soruşulub. Borisov suala “Şikayət etmək günah olardı” cavabını verib. Lakin Putin daha sonra "Həmişə şikayət etmək lazımdır. Onda daha çox verəcəklər" deyib.